Qapı quraşdırılması nə qədər çəkir və necə hazırlaşmalı?
Qapı alındı, çatdırıldı — indi quraşdırma mərhələsidir. Bu, işin ən vacib hissəsidir: səhv montaj ən keyfiyyətli qapını da yararsız hala salır. Prosesin necə getdiyini bilmək sizə işi düzgün qəbul etməyə kömək edəcək.
Nə qədər vaxt aparır?
| İş həcmi | Təxmini vaxt |
|---|---|
| 1 otaq qapısı (yeni açırıma) | 1.5-2 saat |
| 1 otaq qapısı (köhnəni sökməklə) | 2-2.5 saat |
| 5 qapılıq mənzil | 1 iş günü |
| Giriş qapısı | 2.5-3 saat |
Qeyri-standart açırım, divar düzəltmə və ya əlavə iş lazım gələrsə, vaxt artır.
Quraşdırmadan əvvəl nə etməli?
- Otağı boşaldın — qapı ətrafında ən azı 2 metr sərbəst yer olsun
- Mebeli örtün — montaj tozlu işdir
- Elektrik cərəyanı — usta alətlər üçün rozetka istifadə edəcək
- Döşəmə hazır olsun — laminat/kafel qapıdan əvvəl döşənməlidir
- Divar boyası — quraşdırmadan sonra kiçik düzəlişlər lazım ola bilər, ona görə boyanı sonraya saxlayın
Proses necə gedir?
1. Köhnə qapının sökülməsi (varsa) — qapı yarpağı, sonra çərçivə çıxarılır. Divara zərər dəyməməsi üçün diqqətlə aparılır.
2. Açırımın hazırlanması — ölçülər yoxlanılır, lazım gələrsə divar düzəldilir.
3. Çərçivənin yığılması — qapı qutusu yerində və ya döşəmədə yığılır.
4. Çərçivənin quraşdırılması — ən vacib mərhələ. Su səviyyəsi ilə şaquli və üfüqi düzlük yoxlanılır. Kiçik əyrilik belə qapının öz-özünə açılmasına və ya bağlanmamasına səbəb olur.
5. Bərkidilmə və köpük — çərçivə bərkidilir, boşluqlar montaj köpüyü ilə doldurulur.
6. Qapı yarpağının asılması — petlələr quraşdırılır, qapı yerinə salınır.
7. Furnitura — kilid, tutacaq quraşdırılır və yoxlanılır.
8. Naliçnik — dekorativ örtüklər vurulur, iş təmizlənir.
İşi necə qəbul etməli? — yoxlama siyahısı
Usta getməmişdən əvvəl bunları mütləq yoxlayın:
- ☑ Qapı öz-özünə açılıb-bağlanmır — yarıya qədər açıb buraxın, olduğu yerdə qalmalıdır
- ☑ Bağlananda səs vermir, ilişmir
- ☑ Boşluq bərabərdir — qapı ilə çərçivə arasındakı ara hər tərəfdən eyni olmalıdır
- ☑ Kilid rahat işləyir — açar zorla dönmür
- ☑ Tutacaq möhkəmdir, boşalmır
- ☑ Naliçniklər düz vurulub, aralarında boşluq yoxdur
- ☑ Səthdə cızıq, əzik yoxdur
Problem görsəniz, usta getməmişdən deyin — sonradan çağırmaq həm vaxt, həm əsəb aparır.
Quraşdırmadan sonra
- Montaj köpüyü tam bərkiyənə qədər (24 saat) qapını çox açıb-bağlamayın
- İlk günlərdə qapını arxadan itələməyin
- Petlələri ildə bir dəfə yağlayın — səssiz işləyəcək
- Səthi nəm parça ilə silin, aşındırıcı vasitə istifadə etməyin
Özün quraşdırmaq olar?
Texniki olaraq mümkündür, amma tövsiyə etmirik. Səbəb: çərçivənin düzlüyü millimetr dəqiqliyi tələb edir və bunun üçün təcrübə lazımdır. Səhv quraşdırılan qapı 3-6 aya çökür, sonra düzəltmək əvvəlcədən peşəkara vermkdən baha başa gəlir.
Bir də: özün quraşdırsan, istehsalçı zəmanəti adətən quraşdırma qüsurlarını əhatə etmir.
Bizim ustalarımız quraşdırmanı sifarişin tərkibində və ya ayrıca xidmət kimi həyata keçirir. Bütün işlərə zəmanət verilir.
Qapı seçimində kömək lazımdır?
Bakıda 30 illik fabrik təcrübəmizlə sizə düzgün seçim etməyə kömək edək. Ölçügötürmə pulsuzdur.
Qapılar kataloquna bax →


